AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud münasibətlərin və gələcək əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfəri ilə qoyulub, sonrakı illərdə Heydər Əliyevin Vyetnama səfəri ilə daha da inkişaf edib.

Müsahibədə 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin xüsusi əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldib.

Prezident İlham Əliyev iqtisadiyyat, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər açır.

Müsahibədə xalqlarımız arasında tarixi-mədəni əlaqələrin əhəmiyyəti də vurğulanıb. Təhsil və humanitar sahələrdə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı mədəni əməkdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin və Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.

Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri qarşılıqlı etimad, dostluq və ortaq maraqlar əsasında inkişaf edərək yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button