
Bu gün ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, demək olar ki, bütün regional layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz sahələrində irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Ölkəmiz öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli layihələr icra edir.
Bu memorandumda göstərdi ki, son illər Azərbaycan-Türkmənistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı müşahidə edilir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan onlarla sənədlər dövlətlərarası münasibətlərə kifayət qədər müsbət təsir göstərib, əlaqələrimizin daha da güclənməsinə səbəb olub.
Belə ki, Azərbaycan davamlı olaraq Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışıb və bu dənizin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində müxtəlif səylər göstərib. Bu səylər sayəsində Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşmasına nail olunub, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Aparılan məqsədyönlü strategiyanın nəticəsi olaraq, bu günlərdə Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması üçün tarixi şərait yarandı. Bu isə o deməkdir ki, Transxəzər boru kəməri layihəsi üçün son maneə də aradan qalxdı. Artıq Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinin inkişafına böyük töhfələr verir.
Şübhəsiz ki, memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Azərbaycan hazırda Cənub Qaz Dəhlizini (SGC) formalaşdıran Trans-Anadolu qaz boru kəməri (TANAP) və bu yaxınlarda başa çatdırılmış Trans-Adriatik kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir.
Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir. Məlum olduğu kimi, Türkmənistan da dünyada nəhəng qaz ehtiyatlarına malik olan ölkələrdəndir. İndi isə Türkmənistan üçün Azərbaycan vasitəsilə və bizim boru kəmərlərimizdən istifadə etməklə Avropa bazarına çıxmaq imkanı yaranır.
Beləliklə, bir tərəfdən Türkmənistan dövləti üçün yeni bazarlar və gəlir mənbələri formalaşır, digər tərəfdən isə Azərbaycan öz strateji tranzit mövqeyindən və layihələrindən istifadə edərək qazanc əldə edir.
Göründüyü kimi, artıq Xəzər dənizinin status məsələsi öz həllini tapıb, Azərbaycan və Türkmənistan arasında hər hansı bir fikir ayrılığı yoxdur. Bütün bunlar isə Xəzər dənizi üçün yeni imkanlar, o cümlədən böyük nəqliyyat, logistika layihələrinin gerçəkləşməsi üçün daha əlverişli şərait yaradır.
Dövlətlərarası yüksək səviyyəli münasibətlər, həmçinin ortaq tarixi köklərə, dilə, dinə malik olan xalqlarımız arasındakı münasibətlərə də kifayət qədər müsbət təsir göstərəcək. Xəzər hövzəsində yaranmış bu dostluq mühiti bütün ölkələrə təsir edəcək və dövlətimizin daha sürətli inkişafına dəstək verəcək.
Prezident İlham Əliyevin bildirdiyi kimi: “Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq”. Əlbəttə ki, xalqlarının gələcəyi naminə aparılan əməkdaşlıq ölkələrimizin onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi