Analitika

Azərbaycan və Türkiyə qardaşlığı və birliyi sarsılmazdır, əbədidir

“Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Necə ki 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi, eləcə də Azərbaycan hökuməti və xalqı dağıdıcı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Bu bir daha həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir”.

Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, qardaş ölkədə dağıdıcı zəlzələ baş verən zamandan Azərbaycandan 940 nəfər xilasedicilər, tibb personalı və könüllülər zərərçəkmiş bölgələrə göndərilib: “Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Eyni zamanda, həmin müddət ərzində 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb. Heç şübhəsiz ki, bu da bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.

“Hazırda Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan yenidənqurma işlərində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış müqavilələrin dəyəri 3 milyard ABŞ dollarından çoxdur: “Bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir”.

Oxşar Xəbərlər

Back to top button