Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı.Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, – deyə vurğulayıb.
Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində – istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır. Bu münasibətlər dünyada misli görünməmiş yaxınlıq münasibətləridir, bütün dövlətlər üçün örnək olan münasibətlərdir və həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda gələcək üçün strateji baxisi da müəyyənləşdirir.
Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. O şərəfli günlərdə hər iki ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirdilər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Elə fevralın 6-da son 100 ilin fəlakəti ilə üz-üzə dayanan qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi və bir daha vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.
Bəli, yenə də təbii olaraq, Türkiyə dar günündə yanında yenə də ilk olaraq qardaşını gördü. Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə axtarış-8xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də qardaş ölkəyə yola salınıb və bu günə kimi də Azərbaycan xalqı və dövləti qardaş Türkiyə xalqına öz köməyini, sevgisini göstərməkdədir. Beləliklə, “dost dar gündə tanınar”, – deyib atalarımız. Həmişə olduğu kimi, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı da Azərbaycan etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, bir daha «bir millət, iki dövlət» əsl qardaşlığının sarsılmazlığıdır Dövlətimzin başçısı səflikdə olarkən Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və bildirib ki, bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir: «Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.
Bütün bu faktlar cənab prezidentimiz İlham Əliyevin 16 mart 2023-cü il Ankara keçirilən TDT-nin Fövqəladə Zirvə görüşündə çıxışı zamanı səsləndirdiyi kimi “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq.”
Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!
Ağacanova Gülmayə,
Xəzər rayonu, Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi