Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, ortaq tarix və mədəniyyətə dayanan güclü və özünü sübut edən bir münasibətdir
Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib. Ölkə rəhbəri Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması üçün əhəmiyyətlidir. Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir. Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər.
Prezident İlham Əliyevin iyulun 21-də Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Ermənistan ilə Azərbaycan arasında baxılmaqda olan sülh sazişi ilə bağlı “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” deyə bildirib.
Prezident İlham Əliyevin bizim öz evimizə qayıtmağımız və hüquqlarımız məsələsini saziş üzrə aparılan danışıqların müstəvisinə gətirilməsinə dair son bəyanatı sülh və ədalətin bərqərar olunması yolunda növbəti tarixi bir inkişafdır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı