Azərbaycan və Rumıniya arasında müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.
Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Iki ölkə arasında ikitərəfli geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr aparıldı və bir daha əlaqələrin strateji əhəmiyyəti təsdiqləndi. Strateji tərəfdaşlar olaraq irəliyə doğru addımlar atılır. Gələcək addımlar geniş şəkildə müzakirə olundu və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə davam etdi. Eyni zamanda, artıq təbii qazın nəqli məsələsində tərəfdaşlıq əməkdaşlığımızda mühüm mərhələdir.
Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq və hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.
Energetika, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
Buxarestdə təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir. “Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda – 2027-ci ildə daxil olacaq.
İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edildi və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımız sürətlə artır . Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.
Cənub Qaz Dəhlizinin işləməyə başlaması İonik-Adriatik boru kəmərinin inşası ilə bağlı Qərbi Balkan ölkələrində gedən müzakirələrə real məzmun verib. Çünki, Azərbaycanın perspektiv yataqları Avropaya əlavə həcmdə qaz göndərilməsini mümkün edir. Belə ki, 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağı, 350 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz-kondensat yatağı və 200 milyard kubmetr ehtiyatı olan “Ümid” yatağı Avropada qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaq. Digər tərəfdən də, TAP kəməri Qərbi Balkanların təbii qaz bazarına çıxış imkanı yaradır. Bu baxımdan İonik-Adriatik boru kəmərinin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır.
İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və bu imkanlardan geniş çəkildə istifadə edilərək iqtisadi mənfəət əldə edilməsi nəzərdə tutulub. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
Məmmədova Gülnaz,
Xəzər rayonu, Ə. Quliyev adına 121 № li məktəbin müəllimi