
Möhkəm təmələ əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Ümumilikdə tarixi Zəfərimizdən sonra Türk dünyasının birliyi və həmrəyliyi daha da möhkəmlənir. Bu özünü həm türk dövlətlərinin ikitərəfli əlaqələrində, həm də Türk Dövlətləri Təşkilatı daxilində birgə addımların atılmasında aydın şəkildə nümayiş etdirir.
Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərində oldu. Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq və qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm bünövrə üzərində qurulub.
Son üç ildə iki ölkənin dövlət başçılarının ondan çox qarşılıqlı səfərləri münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə nümayiş etdirir. Hər bir səfər çərçivəsində aparılan müzakirələr son nəticəyə yönəlir. Azərbaycan və Qazaxıstanın ikitərəfli gündəliyi zəngindir.
Bu baxımdan Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü diqqətdən kənarda qalmadı. Qazaxıstan Prezidenti səfəri yüksək dəyərləndirərək bildirdi ki, bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi baxımından çox mühüm hadisədir.
Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. Kasım-Jomart Tokayev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, mövqeyinin möhkəmlənməsindən bəhs etdi və bildirdi ki, iqtisadi-ticari, siyasi tərəfdaşlığın inkişaf etdirilməsi onların üçün təxirəsalınmaz və çox mühüm vəzifədir.
Cənab İlham Əliyev bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəflədiyimizi diqqətə çatdırdı. Prezident İlham Əliyev dövlət səfərindən əvvəl “Kazinform” agentliyinə verdiyi müsahibəsində də iki dost ölkənin münasibətlərinin strateji mahiyyətini və gələcəyə baxışlarını əsaslı şəkildə qeyd etdi.
Ümumilikdə müsahibə Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi inkişaf yolunun, yeni mərhələyə yüksələn strateji əməkdaşlığının təhlili kimi diqqətdə oldu. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha vurğuladı ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi


