
Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundunu keçirib.
“Aktualinfo.az “ Peru XİN-ə istinadən xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.
Peru nümayəndə heyətinə məsləhətləşmələrdə XİN başçısının müavini Feliks Deneqri rəhbərlik edib.
“İclas Azərbaycan və Peru arasında 29 illik diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq və strateji dialoqun yeni mərhələsinin başlanğıcını qeyd edir”, – XİN-dən bildirilib.
F.Deneqri görüş zamanı əlaqələrin möhkəmləndirilməsinə qarşılıqlı marağı vurğulayıb. O qeyd edib ki, bu mexanizm turizm, təhlükəsizlik, mədəniyyət və idman kimi sahələrdə birgə layihələri irəli aparmağa imkan verəcək.
Onun sözlərinə görə, əməkdaşlığın inkişafı hər iki xalqın rifahına əhəmiyyətli təsir göstərə bilər.
Öz növbəsində, Elnur Məmmədov Latın Amerikası və Karib Dənizi Hövzəsi Ölkələri Birliyi və Azərbaycanın 2019-cu ildən daxil olduğu Sakit Okean Alyansı kimi regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər qarşılıqlı investisiyaların cəlb edilməsində potensialın olduğunu qeyd ediblər. Hər iki ölkənin mühüm geoiqtisadi bağlantı olduğu vurğulanıb, bu zaman Perunun Asiya-Sakit Okean regionunda, Azərbaycanın isə Cənubi Qafqazda strateji rol oynadığı qeyd edilib.
Qurumdan qeyd ediblər ki, Azərbaycan və Peru zəngin mədəni irsə malik iki ölkədir. Bu kontekstdə tərəflər bu sahədə texniki əməkdaşlığın gücləndirilməsi, öz irsinin qorunması üçün təcrübə mübadiləsi barədə razılığa gəliblər.