Analitika

Azərbaycan və Özbəkistan arasında tarixi köklərə bağlanan əlaqələri

Azərbaycan Respublikasında müstəqil xarici siyasət anlayışı SSRİ-nin dağılması və imperiyanın tərkibinə daxil olan ölkələrin müstəqillik qazanması ilə eyni vaxta təsadüf edir. Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr digər dövlətlərin də inkişafına və xalqların rifahına xidmət edir. Bütün bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına şərait yaradır.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Bu regionda qurulan əhəmiyyətli münasibətlərdən biri də Özbəkistanla yaradılan əlaqələrdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri olan Özbəkistan ilə Azərbaycan arasında əlaqələr son illərdə durmadan genişlənir. Özbəkistan və Azərbaycanın əlaqələrinin tarixi və inkişaf yoluna nəzər salsaq görərik ki, hələ rəsmi şəkildə əlaqələr qurulmamışdan əvvəl belə Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olmuşdur. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Bu iki xalq arasında mövcud olan möhkəm təməlli mədəni əlaqəni Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun sitatı ilə vurğulayaq: “ Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycanın paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.”

Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almışdır. Özbəkistanla əlaqələr sovet dönəmində də mövcud olmuşdur. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı məhz Özbəkistan torpağında sığınacaq tapmışdır. 1966-cı ildə dağıdıcı zəlzələ nəticəsində böyük zərər görmüş paytaxt Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak etmişlər.

Iki ölkə arasında diplomatik əlaqələr isə rəsmi şəkildə 1995-ci ilin oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistanda, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan 1996-cı il 26-27 may tarixində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. 1997-ci il 18-19 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi də əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il iki dövlət arasında əlaqələri baxımından xüsusilə məhsuldar olub. Məhz həmin ildə İlham Əliyevin Ğzbəkistana 3 dəfə səfər etməsi bu ölkə ilə əməkdaşlığın inkişafına önəm verməsinin göstəricisidir. Mədəni əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi niyyətinin ifadəsi olaraq Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif olundu. Yaxın keçmişdə- Avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntəbə ilə keçirildi.

Özbəkistan Prezidenti Şavkay Mirziyoyevin avqustun 22-də Azərbaycana etdiyi səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə oldu. Bu qardaş ölkənin Qarabağın bərpası işində Azərbaycana dəstək olması çox əlamətdar bir davranışdır. Belə ki, Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə məktəb inşa olunub. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır, və bu təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir işıqlanan mərkəzidir. Iki ölkə arasındakı sarsılmaz əlaqəni Prezident İlham Əliyevin sözləri desək: “ Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır.”

Balayeva Fidan,
Xəzər rayonu, 322№ tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button