Analitika

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindəın sonra daha da inkişaf etməyə başladı. Hətta haqlı olaraq bir çoxları bu dövrü Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələ kimi qələmə verir. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra hər bir ölkə kimi Özbəkistanla da əlaqələrdə, qarşılıq münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı. Bu bir tərəfdən Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik insanın Azərbaycana rəhbərlik etməsi ilə bağlı idisə, digər tərəfdən ümummilli liderin hələ sovetlərin zamanından Özbəkistan rəhbərliyi ilə qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə əlaqədar idi. Bir sözlə hər iki ölkənin siyasi rəhbərliyi- Özbəkistan prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı Heydər Əliyev SSRİ zamanından qalan dostluq, qardaşlıq münasibətlərini, ölkələr arasındakı əlaqələri müstəqillik illərində yeni bir mərhələyə daşımağı qarşıya məqsəd qoymuşdu. Və həm Bakıda, həm də Daşkənddə buna olan maraq prosesin sürətlənməsinə vəsilə olurdu. Elə qarşılıqlı maraq və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından ortaya qoyulan siyasi iradənin nəticəsi idi ki, 1995-ci ildən etibarən Bakı ilə Daşkənd arasında diplomatik əlaqələr quruldu. Həmin ilin oktyabr ayının 2-də qurulan Azərbaycan-Özbəkistan diplomatik əlaqələri bir neçə ay sonra, daha dəqiq desək, 1996-cı ilin ortalarında Daşkənddə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirliyinin açılması ilə sonuclandı. 1998-ci ilin may ayında isə Bakıda Özbəkistan Respublikasının səfirliyi fəaliyyətə başladı.

Qeyd etdiyimiz kimi Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri də mühüm əhəmiyyət kəsb edir və həyata keçirilən qarşılıqlı səfərlər Bakı ilə Daşkənd arasında əməkdaşlığı daha da inkişaf etdirirdi. Bu mənada Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun müstəqillik illərindən sonra ilk dəfə Azərbaycana səfər etməsi mühüm tarixi əhəmiyyət daşıyırdı. Mərhum İslam Kərimovun 1996-cı il, may ayının 26-27-də Azərbaycana baş tutan ilk rəsmi səfəri qarşılıqlı anlaşma və dostluq şəraitində keçməklə yanaşı, Bakı ilə Daşkənd arasında bir sıra sənədlərin imzalanması ilə yadda qaldı. Həmin səfər zamanı Azərbaycanla Özbəkistan arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalandı ki, bu da müstəqillik illərində iki ölkə arasında yüksək səviyyədə əlaqələrin qurulması və inkişaf etdirilməsini özündə ehtiva edirdi. Həmçinin həm İslam Kərimovun səfəri, həm də Bakıda imzalanmış sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsində siyasi iradənin ortada olduğunu göstərirdi. Elə həmin ilin oktyabr ayında ümummilli lider Heydər Əliyevin Özbəkistana səfəri də məhz yuxarıda qeyd etdiyimizi təsdiqləyirdi. Düzdür, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daşkəndə səfəri həmin vaxt işgüzar xarakter daşıyırdı və səfərdə məqsəd Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək idi. Ancaq ümummilli lider Daşkənddə olarkən özbəkistanlı həmkarı ilə də görüşüb ikitərəfli münasibətlərin inkişaf dinamikasını müzakirə etmişdi. Artıq həm Bakı, həm də Daşkənd ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən razı idi və qarşıda duran hədəf, vəzifələr bu münasibətləri yeni bir mərhələyə çatdırmaq idi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il, iyun ayının 18-19-da Özbəkistan Respublikasına etdiyi rəsmi səfər müstəsna əhəmiyyət kəsb edirdi. İslam Kərimovun Bakıda keçirdiyi rəsmi görüşlərin nəticəsi kimi, ümummilli lider Heydər Əliyevin də Özbəkistanda keçirdiyi görüşlərin, danışıqların nəticəsi olaraq Bakı ilə Daşkənd arasında müxtəlif sahələri özündə ehtiva edən 19 sənəd imzalandı. İmzalanmış sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaratdı.

Bu gün Azərbaycanla Özbəkistan arasında hər bir sahə kimi mədəni sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması timsalında bunun əyani şahidinə çevrilirik. Paralel olaraq özbək yazıçıların Azərbaycanda, azərbaycanlı yazıçıların əsərləri Özbəkistanda çap edilərək işıq üzü görür ki, bu da Bakı ilə Daşkənd arasında mədəni əlaqələrin inkişafına verilən töhfə sayıla bilər. Qeyd etmək yerinə düşər ki, bu töhfədən Özbəkistandakı Azərbaycan səfirliyinin tərkibində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə də pay düşür. Məhz yuxarıda qeyd etdiyimiz hər iki ölkənin yazıçılarının əsərlərinin qarşılıqlı şəkildə çap edilib ictimaiyyətə çatırılmasında adıçəkilən mərkəzin xidmətləri misilsizdir. Eyni zamanda mərkəzin təşkilatçılığı ilə iki ölkənin tanınmış ictimai xadimləri, yazıçılarının yaradıcılıq gecələri, yubileylərinin keçirilməsi də Bakı ilə Daşkənd arasında mədəni əlaqələrə öz töhfəsini verir.

Göründüyü kimi, Özbəkistan-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir və irəlidə də yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər var. Həmin perspektivlərin tezliklə reallaşdırılacağı isə heç bir şübhə doğurmur. Çünki bunun üçün ortada həm siyasi iradə, həm də istək, arzu var.

Əyyub Əliyev
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button