Azərbaycan və Özbəkistan arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirir
Türk dövlətləri arasında münasibətləri daha da dərinləşdirmək, əlaqələri şaxələndirmək bu gün dünyada nüfuz sahibi olan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Səmimi dostluq münasibətləri əsasında qurulan əməkdaşlıq türk xalqlarının birliyinə, ölkələrimizin inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Qədim tarixə söykənən Azərbaycan-Özbəkistan münasibətləri dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə yanaşı, xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha da inkişaf etmişdir. Tarixi dostluq, qarşılıqlı etimad, strateji, o cümlədən hərtərəfli əməkdaşlıq iki ölkənin maraqlarına hörmət əsasında çoxtərəfli əlaqələrin inkişafına istiqamətlənmişdir.
Dostluğun və strateji tərəfdaşlığın gücləndirilməsinə, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönələn siyasət yürüdən ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir. Uzun illərdən bəri qurulan dostluq, əməkdaşlıq əlaqələri bu gün strateji xarakter alıb, ölkələr arasında iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı layihələr reallaşdırılır, nəqliyyat kommunikasiyalarının inkişafı fonunda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi get-gedə artır, yeni dəhlizlərin inkişaf etdirilməsi, multimodal daşımaların genişləndirilməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilir. Hacıqabulda birgə avtomobil istehsalı uğurla həyata keçirilir və genişləndirilməsi nəzərdə tutulur, ipəkçilik sahəsində əməkdaşlıq inkişaf etdirilir, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində yeni layihələr reallaşdırılır. Hər iki ölkənin sahibkarları arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası əməkdaşlıq əlaqələrini şaxələndirir. Ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirir, münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaradır. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri Azərbaycanla Özbəkistan arasında biri neçə sahədə, o cümlədən mədəniyyət sahəsində sənədlərin imzalanması ilə yadda qaldı. Özbəkistan Milli Teleradio Şirkəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında, Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında bağlanmış müqavilələr mühüm əhəmiyyət daşıyır. Əlbəttə, qədim tarixə və mədəni irsə malik olan Azərbaycan və Özbəkistan xalqlarının bu əlaqələri gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Rzayeva Səba
YAP-ın gənc fəalı