Azərbaycan və NATO əlaqələri beynəlxalq sülhə mühüm töhfələr verəcək
May ayında Azərbaycan-NATO əlaqələrinin 15 ili tamam oldu. Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaradılıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. 1994-cü ildə Şimali Atlantika Şurası nəzdində “Sülh Naminə Tərəfdaşlıq” Proqramının qəbul edilməsi ölkəmizin həyatında tarixi bir hadisəyə çevrildi.Belə ki, ümummilli liderimiz Heydər Əliyev həmin ilin 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO “Sülh Naminə Tərəfdaşlın” proqramının Çərçivə sənədinə imza atdı. Azərbaycan elə ilk gündən bu proqrama qoşulmaqla özünü etibarlı və nümunəvi tərəfdaş kimi göstərməyə başladı. Təsadüfi deyil ki, 1997 və 1998-ci illərdə Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələn NATO-nun Baş katibi Xavyer Solana Milli Məclisdə millət vəkilləri qarşısında çıxış edərkən NATO-Azərbaycan əlaqələrinin inkişafına toxunaraq demişdir: ” Biz Qafqaz regionunu birbaşa maraqlarımız olan mühüm regionlardan biri hesab edirik. Axı, Qafqaz Avropa qitəsinin tərkib hissəsidir.”Hələ 1996-cı ilin 22 aprel tarixində NATO-nun Brüsseldəki Mənzil-qərargahına növbəti səfəri zamanı prezident Heydər Əliyev Baş katib Xavyer Solana ilə görüşərək Sülh Naminə Tərəfdaşlıq Proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə ölkəmizin tələbat və potensialını müəyyən edən Azərbaycan Respublikasının Prezentasiya sənədini təqdim etdi. Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəminində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başladı. 1997-ci ildən hərbi təhsil sistemində əsaslı dəyişiklik yaradıldı. Kursantlarımız Şimali Atlantika Alyansına daxil olan ölkələrdə qəbul edilmiş metodika əsasında hərbi bilik və təcrübəyə yiyələnməyə başladılar. Ümumiyyətlə, hərbçilərimiz “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində bütün tədbirlərdə fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans və seminarlara qatılırlar. 1997-ci ilin noyabr ayında Azərbaycanda ilk dəfə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Demand” adlı komanda-qərargah təlimlərinə hazırlıq seminarı keçirildi. Azərabycan Silahlı Qüvvələrinin tərkibində sülhməramlı qüvvələrin yaradılması da ölkəmizin NATO-nun SNT proqramına qoşulması ilə əlaqədardır. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 23 aprel tarixində NATO Baş katibinə təqdim etdiyi Prezentasiya sənədində göstərilirdi ki, Azərbaycan öz tərəfindən NATO-nun SNT əməliyyatına yüngül silahlanmış bir bölük ayıracaq. 1997-ci ildə Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə sülhməramlı bölük yaradıldı. Bölüyün şəxsi heyəti müxtəlif vaxtlarda Norveçdə, Makedoniyada, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Kanadada və s. SNT təlimlərində iştirak etdi. 1999-cu ildə isə sülhməramlı taqımımız Kosovoda KFOR tərkibində Sülhü Dəstəkləmə Əməliyyatına qatıldı. Hərbçilərimiz Alban sektorunda Türkiyə sülhməramlı taborunun tərkibində Prizren şəhərinin 35 kilometr cənubunda Draqaş rayonunda post-patrul xidməti aparmış, 11 kəndin təhlükəsizliyini təmin etmişdir. Ölkə başçısının 2003-cü ilin may ayında Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq Silahlı Qüvvələr kontingentinin beynəlxalq koalisiyası qüvvələri tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi üçün Milli Məclisə növbəti təklifi də müsbət qarşılandı. Müvafiq qərarla 15 avqust 2003-cü il tarixdə sülhməramlılarımız İraqda keçirilən əməliyyatlara qatıldı. Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfər sülhməramlı hərbi qulluqçusu İraqın Həditə yaşayış məntəqəsi yaxınlığında hidroelektrostansiyanın mühafizəsini təşkil etmişdir. Strateji əhəmiyyət daşıyan bu stansiya İraqın enerjiyə olan tələbatının 30 faizini ödəyir. Sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilmiş, bir qrup Azərbaycanlı zabiti ABŞ-ın “Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunmuş, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılmışdır. Yeri gəlmişkən, Amerika Prezidenti Corc Buşun sülhəramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: ” 2003-cü ildə etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-ın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm. Azərbaycan hərbçiləri NATO əlaqələrinin səmərəli şəkildə qurulması və inkişafında yaxından iştirak edərək dövlətin və xalqın etimadını doğrultmuşlar.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı