Analitika

Azərbaycan və İsrail arasında etibarlı əməkdaşlıq əlaqələri

Uzun əsrlər boyu xalqımızın bir hissəsi kimi öz mövcudluğunu sürdürən yəhudi icması ilə münasibətlər hər zaman diqqətəlayiq olmuşdur. Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə verən insanlardır. Azərbaycanın istər iqtisadi, istər siyasi, istərsə də mədəni həyatının mühüm iştirakçısı olmuş bu xalq yeni yaranmış Azərbaycan Respublikasının ərazi bütövlüyü və haqq yolu uğrunda apardığı mübarizədə də ən böyük dəstəkçisi kimi çıxış edir. Cənab prezidentin də dediyi kimi “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.

2023-cü ilin may ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edən İsrail dövlətinin prezidenti İsxak Hersoqla keçirilən görüşdə bir sıra vacib məsələr müzakirə olunmuş, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətləri müəyyənləşdirilmişdir. Bu il İsraildə Azərbaycan səfirliyinin açılmasının hər iki dövlətin əlaqələrini daha yüksək səviyyəyə qaldıracağı və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağı gözlənilir.

Cənab İlham Əliyevin mətbuat konfransında verdiyi məlumata istinadən deyə bilərik ki, İsrail dövləti ilə ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyi planlaşdırılan birgə layihələr nəticəsində daha balanslaşdırılmış ticarət dövriyyəsi olacağı və bunun təkcə enerji amilindən asılı olmayacaqı gözlərinilir. Bildiyimiz kimi uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İndi isə irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.

Son zamanlarda əməkdaşlığa başlanılan sahələrdən biri kimi kibertəhlükəsizlik sahəsi də danışıqlar zamanı diqqətdən kənarda qalmayıb. Bu sahədə fəal təmasların başlanılmasını sevindirici haldır. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq. Müdafiə sənayesi sahəsində də uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

İsraildə yaşayan azərbaycan diasporası haqqında danışarkən ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayan bu təşkilatın əsasən yəhudi mənşəli insanlardan ibarət olduğu da diqqətə çatdırılıb. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi ” Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.

2023-cü ilin 30 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Bu plan çərçivəsində tibb sahəsində əməkdaşlığın iki dövlətin də səhiyyə sektoruna müsbət töhfələr verəcəyi gözlənilir.

Babayeva Ləman,
Xəzər rayonu, 136 Nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button