Azərbaycan və İran arasındakı dostluğun dərin kökləri və tarixi var

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Dostluğun dərin kökləri və tarixi var. Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra o vaxt Qacarlar imperiyasının ərazisi olan Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi indiki İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. Dövlətimizin başçısı bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlara təşəkkürünü bildirib.
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir. Beləliklə, əsrlər boyu böyük dövlətlərin kəsişən maraqları nəticəsində müharibələrin, münaqişələrin, gərginliklərin yaşandığı bu bölgəni artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, inkişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib. Azərbaycan bu yolda bütün bölgə ölkələrinin ümumi rifahına töhfə verəcək nəhəng layihələrin reallaşdırılması istiqamətində təşəbbüslər göstərməkdə davam edir. Təbii ki, regionun ümumi inkişafı Azərbaycanın təşəbbüslərinin bölgə ölkələri tərəfindən dəstəklənməsi və birgə əməkdaşlıq şəraitində mümkündür.
Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır.
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik. Dövlətlərimizin rəhbərlərinin uzaqgörən siyasətinin, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsidir ki, bu gün biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidiyik.
Yaxın gələcəkdə isə birgə səylərimizlə su elektrik stansiyalarının açılışına da nail olacağıq.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 saylı tam orta məktəbin müəllimi