
Azərbaycan və Çin arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri son illərdə daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda siyasi, mədəni və beynəlxalq müstəvidə qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına son səfəri zamanı bu münasibətlərin əhəmiyyətini bir daha vurğulayıb.
Cənab İlham Əliyev görüşlər zamanı bildirib ki, hər dəfə Çinə səfər etdikdə, ölkənin sürətli inkişafının şahidi olur. Yeni infrastruktur layihələri, müasir binalar və gözəl şəhər mənzərələri Çinin davamlı sosial-iqtisadi yüksəlişinin bariz nümunəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, o, ilk dəfə bu ölkəyə 2005-ci ildə səfər edib və son 20 ildəki dəyişiklikləri yaxından izləyib. Bu illər ərzində Çinin əldə etdiyi nailiyyətlər, xüsusilə də beynəlxalq aləmdəki rolu və mövqeyi, dost və tərəfdaş ölkə olaraq Azərbaycanın da diqqətindən yayınmayıb. Səfər çərçivəsində iki ölkə arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənəd Azərbaycan və Çin arasında əməkdaşlığın geniş spektrini əhatə edir və qarşılıqlı münasibətlərin inkişafı üçün yeni perspektivlər açır. Bəyanatda ikitərəfli əlaqələrin iqtisadi, nəqliyyat, enerji, texnologiya və humanitar sahələri əhatə etməsi xüsusi qeyd olunub. Azərbaycan və Çin həmçinin milli maraqlara aid məsələlərdə daim həmrəylik və dostluq nümayiş etdirir. Bu, yalnız ikitərəfli münasibətlərdə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərir. Qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanan bu münasibətlər, hər iki ölkənin müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental dəyərlərə olan sadiqliyindən qaynaqlanır. Cənab Prezidentin səfəri, səsləndirdiyi fikirlər və imzalanan sənədlər göstərir ki, Azərbaycan – Çin münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Bu münasibətlər yalnız bugünkü iqtisadi maraqlarla deyil, eyni zamanda uzunmüddətli strateji baxış və qarşılıqlı etimad üzərində qurulub.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi