Azərbaycan və Gürcüstan təkcə dost yox, həm də strateji tərəfdaşdır
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Milli Məclisin sədri Sahibə Qafarova ötən il Gürcüstana rəsmi səfər edib. Gürcüstan parlamentinin sədri Ş.Papuaşvili isə bu ilin mayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak məqsədilə ölkəmizə səfərə gəlib.İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı.