Analitika

Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır

Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə bir-birilə Şərq-Qərb enerji dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdırlar. Ölkələrimizin iştirakı ilə strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də həyata keçirilən rəsmi səfərlərdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə martın 16-da ölkəmizə rəsmi səfərə gəlib. Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan Gürcüstanın xarici ticarətində ilk 5-likdə yer alır. Bu sahədə əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək deyə Gürcüstanın Baş naziri vurğulayıb. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit  ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.

Beləliklə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu hər iki ölkə liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev və gürcüstanın Baş naziri İrakli Kobaxidzenin birgə mətbuat bəyanatında səslənən fikirlər bunun sübutudur. Və bu iki ölkə liderləri  Azərbaycan – Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirir. Dövlət başçımızın söylədiyi kimi: “Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk”.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button