
2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına eksklüziv müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Çin münasibətləri, regional və qlobal proseslər, həmçinin Azərbaycanın iqtisadi inkişaf perspektivləri ilə bağlı bir sıra mühüm məqamlara toxunulub.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Çin arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. O, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyini və Azərbaycanın bu təşəbbüsün önəmli iştirakçılarından biri olduğunu qeyd edib.
Müsahibə zamanı dövlət başçısı, həmçinin regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə dair Azərbaycanın mövqeyini diqqətə çatdırıb. O bildirib ki, Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olunması üçün ölkəmiz konstruktiv təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycan diplomatiyasının Çin ictimaiyyətində və beynəlxalq informasiya məkanında daha geniş şəkildə tanıdılmasına xidmət etməklə yanaşı, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə də mühüm rol oynayır.
Günel Əbdülrəhmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi