
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlığın vacibliyini hər zaman vurğulayıb. Rəsmi Bakı hesab edir ki, beynəlxalq dialoq və kollektiv qərarvermə mexanizmləri olmadan qlobal sabitliyə nail olmaq mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir və çoxtərəfli təşəbbüsləri dəstəkləyir.
Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilən fikirlərdən biri Azərbaycanın çoxtərəfliliyə sadiqliyidir. Bu mövqe, ölkənin həm regional, həm də qlobal təşkilatlarla sıx əməkdaşlıq etməsində aydın görünür. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu prinsipi daha da ön plana çəkərək inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsinə töhfə verdi.
Çoxtərəfli siyasətin üstünlükləri təkcə diplomatik deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində özünü göstərir. Müxtəlif ölkələrlə eyni anda əməkdaşlıq etmək imkanları Azərbaycanın manevr qabiliyyətini artırır və balanslı xarici siyasət aparmasına şərait yaradır. Bu yanaşma həm də qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanır.
Bugünkü çağırışlar fonunda Azərbaycan çoxtərəfli mexanizmləri daha da gücləndirmək niyyətindədir. Davamlı inkişaf, iqlim dəyişikliyi, sülh və təhlükəsizlik kimi mövzularda qlobal əməkdaşlıq ehtiyacının artdığı bir dövrdə, Bakı bu platformalarda fəal iştirakını davam etdirəcək.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı