
Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycan ilə Çin arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair mühüm mesajlar ehtiva edir. Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Çinlə bu təşkilat daxilində koordinasiya və qarşılıqlı dəstək, xüsusilə beynəlxalq təhlükəsizlik və nəqliyyat bağlantıları kimi sahələrdə vacib əhəmiyyət daşıyır.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında irəli sürdüyü təşəbbüslər, o cümlədən inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, Çin tərəfindən dəstəklənib. Prezident Əliyev bu beynəlxalq əməkdaşlığın inkişafında Çinlə həmfikir olduqlarını vurğulayıb.
Müsahibədə Azərbaycan Prezidentinin diqqət çəkdiyi digər önəmli məqam ölkənin ÜTT–yə üzvlük prosesi ilə bağlı idi. Çin bu təşkilatın aparıcı üzvü kimi, Azərbaycanın bu prosesdə dəstəklənməsində potensial tərəfdaş rolunu oynaya bilər. Azərbaycanın ÜTT-yə inteqrasiyası beynəlxalq ticarətə açılmasına, Çinin isə Cənubi Qafqazda daha güclü iqtisadi iştirakına imkan yarada bilər.
Azərbaycan və Çin, BMT daxilində bir çox məsələdə suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipinə əsaslanan ortaq mövqe nümayiş etdirirlər. Prezident İlham Əliyev bu məsələlərdə Çinin prinsipial mövqeyini yüksək qiymətləndirərək, beynəlxalq arenada qarşılıqlı dəstəyin davam etdiyini vurğulayıb.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində atılacaq addımların əhəmiyyətini bir daha vurğulayır. Bu əməkdaşlıq, yalnız iqtisadi deyil, həm də mədəni və siyasi sahələrdə də qarşılıqlı fayda təmin edəcəkdir. İki ölkə arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də regional və qlobal sabitlik üçün önəmli platforma yaradır.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi