Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibət strateji əhəmiyyətə malikdir
Qeyd etməliyik ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.
2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.
Həmçinin bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib.
Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb.
Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Sonuncu 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.
BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın rayonundan keçən Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib
Adil Əliyev,
Xəzər rayonu, 124 nömrəli məktəbin direktoru