Analitika

Azərbaycan və Belarus arasında dostluq münasibətləri

Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri baş tutub. Səfər zamanı baş tutmuş danışıqlar haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mətbuata bəyanatla çıxış edib. O öz çıxışında bildirib ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.

Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla öz münaqişəni həll etdi.

Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Bu görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə bir sıra sənədlər imzalanmışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” kimi sənədlər bu sənədlər sırasına daxildir.

Babayeva Ləman,
Xəzər rayonu, 292 nömrəli məktəbin direktor müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button