
2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında Bakıda görüş keçirilmişdir. Görüşdən sonra liderlər birgə mətbuat bəyanatı ilə çıxış etmiş və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri, enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regionda sülh məsələləri barədə fikirlərini bölüşmüşlər.
Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, Azərbaycan və Avropa İttifaqı hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Son illər ərzində tərəflər arasında siyasi dialoq daha da intensivləşmiş, Avropa Komissiyasının nümayəndələri Azərbaycana bir neçə dəfə səfər etmişlər.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Bu sənəd tərəflər arasında enerji əməkdaşlığının yeni mərhələyə keçməsinə səbəb olmuşdur. Enerji sahəsində əməkdaşlığın digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və su elektrik enerjisi layihələrinə böyük investisiyalar yatırır. Ölkədə ilin 300-dən çox günü günəşli olduğundan Günəş enerjisi üçün böyük potensial mövcuddur. Bundan əlavə, külək enerjisinin də geniş inkişaf imkanları var.
Prezident İlham Əliyev çıxışında regionda sülh məsələsinə də toxunmuşdur. O qeyd etmişdir ki, Ermənistan ilə paraflanmış sülh sazişindən sonra regionda yeni imkanlar yaranmışdır. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkə yalnız son yeddi ay ərzində sülh şəraitində yaşayır.
Prezident vurğulamışdır ki, sülhün möhkəmlənməsi üçün hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirməlidir. Onun sözlərinə görə, sülh dövlətlər və xalqlar arasında barışığın ən mühüm göstəricisidir və regionun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq siyasi, iqtisadi və enerji sahələrində davamlı şəkildə inkişaf edir. Enerji təhlükəsizliyi, bərpaolunan enerji layihələri, ticarət əlaqələrinin genişlənməsi və regionda sülhün möhkəmləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında dialoq və qarşılıqlı əməkdaşlıq gələcəkdə daha geniş imkanların yaranmasına şərait yaradacaq.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı


