AnalitikaGündəmSiyasət

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq genişlənir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın martın 11-də Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra yayılan birgə mətbuat bəyanatı Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını nümayiş etdirir. Görüş zamanı tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, eləcə də regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev bəyanat zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayaraq bir sıra mühüm məqamlara toxunub.

Prezident İlhamƏliyev bəyanat zamanı bildirib ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsini yaşayır. Dövlət başçısı vurğulayıb ki, Avropa Komissiyasının üzvlərinin son dövrdə Azərbaycana çoxsaylı səfərləri tərəflər arasında dialoqun intensiv xarakter aldığını göstərir. Onun sözlərinə görə, bu ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb və bu fakt qurumun ölkə üçün əsas ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısı qeyd edib ki, tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. O xatırladıb ki, 2022-ci ildə Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra Azərbaycan qazının Avropa bazarına ixracı həm həcm, həmdə coğrafiya baxımından əhəmiyyətli dərəcədə artıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır, ümumilikdə isə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Prezident İlhamƏliyev vurğulayıb ki, bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı ölkələrdən biri olduğunu göstərir və bir çox dövlətlərin enerji təhlükəsizliyində ölkənin rolunu artırır.

 

 

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

 

Oxşar Xəbərlər

Back to top button