
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək iki qardaş ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri barədə mühüm fikirlər səsləndirib.
Dövlət başçısı çıxışında Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın tarixi, mədəni və mənəvi bağlar üzərində qurulduğunu vurğulayaraq, münasibətlərin bu gün strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Türkmənistan rəhbərliyinə və xüsusilə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə edib. Qeyd olunub ki, ötən il Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid inşasına başlanılması qardaş Türkmənistan xalqının Azərbaycana olan səmimi münasibətinin növbəti təzahürüdür.
Görüş zamanı tərəflər siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev verilmiş konkret tapşırıqların gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunacağını və yeni layihələrin həyata keçirilməsi üçün əsas yaradacağını bildirib.
Bəyanatda mədəni-humanitar əlaqələrin inkişafına da xüsusi diqqət yetirilib. Son illərdə hər iki ölkədə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin çıxışlarının təşkili və Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər olması xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək bunu tarixi hadisə adlandırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, ortaq tarix, mədəniyyət və müasir nəqliyyat-logistika layihələri ölkəmizin regionla əlaqələrinin daha da güclənməsinə şərait yaradır.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da görüşün əsas mövzularından biri olub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində formalaşan etibarlı nəqliyyat marşrutları təkcə region üçün deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Tərəflər yükdaşımaların artırılması və üçüncü ölkələrin tranzit imkanlarından daha səmərəli istifadə olunması məqsədilə fəaliyyətlərini daha da əlaqələndirmək barədə razılığa gəliblər.
Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı Azərbaycan və Türkmənistanın zəngin enerji ehtiyatlarına malik ölkələr olduğunu bildirərək, bu istiqamətdə birgə fəaliyyətin hər iki dövlətin maraqlarına xidmət etdiyini qeyd edib.
Prezident İlham Əliyev çıxışında Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurları yüksək qiymətləndirərək qardaş ölkənin rəhbərliyini və xalqını təbrik edib. O, Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun artmasına, eləcə də dünya ictimaiyyəti tərəfindən geniş dəstək qazanan neytrallıq siyasətinə daim dəstək verdiyini və bundan sonra da verəcəyini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq münasibətləri, qarşılıqlı etimad və siyasi iradə gələcəkdə də əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edən əsas amillər olaraq qalacaq.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



