AnalitikaGündəmSiyasət

Azərbaycan–Türkmənistan münasibətlərində yeni bir strateji dövrün başlanğıcı

Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır.

Son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter alıb. Səfərlər çərcivəsində imzalanan sənədlər regional əməkdaşlığı gücləndirib. Bildiyimiz kimi, iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Təkbətək, həm də geniş tərkibdə danışıqlar aparılıb, ikitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edilib və əməkdaşlığın gələcək inkişafı yolları müəyyənləşdirilib.Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirib.

Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycandan keçir. Bu, həm də Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut hesab olunur. Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırıb, həm də yüklərin daşınma müddətini önəmli dərəcədə azaldıb.

Prezidentlərin təkbətək görüşündən sonra “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması münasibətlərdə yeni çalarları əks etdirir. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Bu, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.

Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib. Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında münasibətlər hazırda yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri, ticarət əlaqələri və humanitar sahədə əməkdaşlıq iki ölkənin yaxınlaşmasını daha da sürətləndirir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alındıqda, Azərbaycan–Türkmənistan münasibətlərinin gələcəkdə daha da genişlənəcəyi, regionda sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button