
Azərbaycan və Türkmənistan eyni kökə, ortaq tarixə, dilə və mədəniyyətə malik iki qardaş dövlətdir. Bu amillər ölkələrimiz arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Son illər siyasi dialoqun genişlənməsi, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı etimad Azərbaycan–Türkmənistan əməkdaşlığını daha da gücləndirib.
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri də bu münasibətlərin növbəti uğurlu mərhələsi kimi yadda qaldı. Səfər zamanı keçirilən görüşlər göstərdi ki, hər iki ölkə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır və bunu konkret addımlarla davam etdirir.
Prezident İlham Əliyev mətbuata bəyanatında Qarabağda aparılan bərpa-quruculuq işlərinə göstərilən dəstəyə görə Türkmənistan tərəfinə, xüsusilə də Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova təşəkkürünü bildirdi. Bu təşəkkür dostluq münasibətlərinin sadəcə sözlə deyil, əməli işlərlə də təsdiqləndiyini göstərir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Dövlət başçısının “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik” fikri iki ölkə arasında münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Bu sözlər onu göstərir ki, Azərbaycan və Türkmənistan bir-birinin uğurlarını öz uğuru kimi qəbul edir, çətin və sevincli günlərdə daim bir-birinin yanında olurlar.
Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması da əməkdaşlığın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Energetika, nəqliyyat, logistika, ticarət və humanitar sahələrdə nəzərdə tutulan layihələr hər iki ölkənin iqtisadi imkanlarını genişləndirəcək, regionda əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər dənizində əməkdaşlıq, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi və regional sabitliyin təmin olunması istiqamətində həyata keçirilən birgə fəaliyyət ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı hörmətə, etimada və qardaşlığa əsaslanır. Bu münasibətlər gələcək illərdə də yeni layihələr, yeni təşəbbüslər və ortaq uğurlarla daha da möhkəmlənəcək. Qardaş xalqlarımız arasında mövcud olan dostluq bağları isə regionda sabitliyin və inkişafın vacib amillərindən biri olaraq qalacaq.
Aysu Abbasova ,
Bakı Slavyan universiteti,Xarici dil Müəllimliyi fakültəsi



