Azərbaycan-Türkiyə qardaşlığı
Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Xalqlarımız arasında sağlam zəmin üzərində qurulan dostluq, qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, İki dövlət” prinsipi əsasında daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmazlığını bütün dünyaya nümayiş etdirirlər. Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz hər ötən gün daha da zənginləşir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.
İkinci Qarabağ müharibəsinin başlamasından bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident İlham Əliyevin bütün çıxışlarının əsasında bu məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır: «Türkiyə və Azərbaycan iki qardaş ölkədir. «Bir millət, iki dövlət» düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.» Sentyabrın 25-də Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş ölkənin həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra qardaş ölkələr arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq Azərbaycan-Türkiyə sənədləri imzalandı.
Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi və nəqliyyat-daşınma logistikanın inkişafına mühüm töhfə verməkdədir. Təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayət Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, birlik nümayiş etdirərək sevinclərini, kədərlərini bölüşüblər. Bu dostluq və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Dünya bu qardaşlığın növbəti nümunəsini Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarının ifadə edilməsi ilə gördü. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən «Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır» kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi.
Hər zaman oluğu kimi, bu dəfə də Türkiyə və Azərbaycanın prezidentlərinin görüşü həm ölkələrimizin, həm də regionun inkişafı üçün yeni perspektivlər vəd edir. Keçirilən tədbirlər, imzalanan sənədlər bu iki qardaş ölkə arasında münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə regionda sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından təqdirəlayiqdir. İki qardaş ölkənin hərtərəfli münasibətləri regionda sülhün, rifahın, inkişafın modelini yaradır. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, bir çox ölkələr istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxından əməkdaşlıq etməyə qərar verirlər. Bu, bir daha problemlərin silah, hədə-qorxu gücü ilə deyil, əməkdaşlıq, dostluq, qarşılıqlı fayda verən münasibətlər çərçivəsində həll edilməsinin bariz nümunəsidir.
Məmmədova Şəhanə,
122 nömrəli ümumi orta məktəbin tarix müəlimi