
28 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş Laçın şəhərində tarixi əhəmiyyət daşıyan çıxış etmişdir. Həmin çıxışda dövlət başçısı Azərbaycan xalqının keçdiyi çətin və şərəfli yola işıq salmaqla yanaşı, ölkəmizin gələcək inkişaf hədəflərini də ortaya qoymuşdur. Prezidentin nitqində üç əsas istiqamət öz əksini tapmışdır: Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının möhkəmlənməsi, ölkəmizin işğal dövründəki fədakarlığı və 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin nəticələri.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan qardaşlıq münasibətləri hazırda regional və beynəlxalq siyasətdə ciddi gücə çevrilmişdir. Dövlət başçısı çıxışında bu strateji əməkdaşlığın gündən-günə dərinləşdiyini və artıq yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır. Xüsusilə Laçında, Şərqi Zəngəzurda keçirilən üçtərəfli zirvə görüşü qardaş ölkələrin həmrəyliyinin canlı təzahürü kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklərə, Ermənistanın işğalçılıq siyasətinə və xalqımızın bu çətinliklər qarşısında göstərdiyi qətiyyətə geniş yer vermişdir. O, qeyd etmişdir ki, 1992-ci ildə Xocalı soyqırımı və Laçının işğalı Azərbaycan xalqı üçün böyük faciə idi. Lakin xalqımız bu ədalətsizliklə heç zaman barışmamış, güclü dövlət quruculuğu və ordu formalaşdıraraq haqq mübarizəsini davam etdirmişdir.
44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Prezidentin vurğuladığı kimi, bu Qələbəni təmin edən əsas amillər xalqın vətənpərvərliyi, güclü siyasi iradə, iqtisadi güc və peşəkar ordu olmuşdur. Şuşa Zəfərindən sonra Ermənistan təslim olmuş, Laçın və digər rayonlar bir güllə atılmadan azad edilmişdir. Bu gün artıq Azərbaycan regionda yeni reallıqlar formalaşdırmışdır. Azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət almış, bu torpaqlara həyat qayıtmışdır. Şərqi Zəngəzur və Qarabağ bölgəsində on minlərlə vətəndaşımız artıq yaşayır və çalışır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini tam bərpa etmiş, separatizmin kökünü kəsmişdir.
Prezident İlham Əliyevin Laçında səsləndirdiyi “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” ifadəsi bu çıxışın əsas ruhunu təşkil edir. Bu birlik yalnız regional deyil, həm də qlobal miqyasda mühüm mesajlar verir: Qardaşlıq, həmrəylik və ədalət qalib gələcək!
Bayramova Kübra,
Xəzər rayonu, 234 №li tam orta məktəbin müəllimi