Analitika

Azərbaycan-Türkiyə münasibətləri qədim köklərə bağlıdır

Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın, qardaş ölkə, eyni zamanda etibarlı tərəfdaş tapmaq çətindir. Bütün dünya ölkələri üçün örnək olan, möhkəm təməllər üzərində qurulan birlik xalqlarımızı günbəgün daha da doğmalaşdırır. İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən Türkiyənin Azərbaycanın yanında olduğunu, onun haqq mübarizəsini dəstəklədiyini bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin iştirak etdiyi beynəlxalq səviyyəli platformalarda qardaş ölkənin mənafeyini müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin dostluq, qardaşlıq səmimiyyəti bütün məsələlərdə özünü aydın şəkildə büruzə verir.

Vətən müharibəsində ölkəmizə arxa, dayaq olan Türkiyənin varlığı ilə Azərbaycanın milli məsələsi olan Qarabağ münaqişəsinin həllinə üçüncü bir dövlət qarışa bilmədi. Çünki uca tribunalardan bütün imkanları ilə Azərbaycanın ərazilərinin bütövlüyü uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirən Rəcəb Tayyib Ərdoğan dünyaya bu gün də, sabah da can Azərbaycanın yanında olacağı mesajını vermişdir. Azərbaycanın “aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimizdir”, – deyən Türkiyə Prezidenti müharibə dövründə olduğu kimi, müharibədən sonra da soyu bir, kökü bir olan Azərbaycanı tək buraxmadı. Gələrkən işğalçı, gedərkən dağıdıcı olan erməni vandallarının Azərbaycanın yer üzündən sildiyi şəhər və kəndlərinin yenidən qurulmasında, işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında Türkiyənin mənəvi dəstəyi, türk şirkətlərinin qardaşlıq köməyi bütün dünyanı heyrətə gətirdi.

Qədim tarixə əsaslanan Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. Bu köklər bir-biri ilə qırılmaz tellərlə bağlanmış, dövlətlərimizin xoş gündə də, dar gündə də bir-birinin arxasında olduğuna zəmin yaratmışdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bilən bəzi dünya dövlətləri isə bu münasibətlərin gündən-günə daha da möhkəmlənməsindən, sarsılmazlığından əndişə edir, türk birliyinin, həmrəyliyinin onlar üçün təhlükə olacağından ehtiyatlanırlar. Bu gün regionda söz sahibləri olan, həyata keçirdikləri birgə layihələrlə regionun inkişafına töhfələr verən Türkiyə ilə Azərbaycanın güclənməsini istəməyən bu ermənipərəst ölkələr bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməsinə, bunun fonunda isə qonşu ölkə olaraq münasibətlərinin normallaşmasına mane olur, öz mənafelərini güdərək Ermənistandan istifadə edirlər. Ermənistanın Azərbaycanla sərhəd bölgələrində təxribatlar törətməsi, azərbaycanlı dinc əhaliyə zərər verməsi elə burdan qaynaqlanır.

Ən yüksək səviyyədə siyasi-iqtisadi əməkdaşlıq əlaqələri quran, ölkələr arasında ticarət dövriyyələrini ildən-ilə artıran, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən yaradılmasında əhəmiyyətli rolu olan nəqliyyat-kommunikasiya layihələrini uğurla həyata keçirən iki qardaş ölkənin birgə səyləri bu gün bütün məsələlərdə birliyin, həmrəyliyin təcəssümünə çevrilib. Hərbi sahədə işbirliyini, əməkdaşlığını dərinləşdirən, bu sahədə mühüm layihələr reallaşdıran, o cümlədən strateji əhəmiyyətli müştərək hərbi təlimlər keçirən Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir. Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşı olan Türkiyə gücləndikcə Azərbaycan da güclənir, qüdrətlənir.

2020-ci ildə Bakıda Vətən müharibəsindən sonra keçirilən Qələbə paradında Azərbaycan-Türkiyə hərbi qüvvələrinin birgə iştirakı, İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər paradı Azərbaycan-Türkiyə, bir millət, iki dövlət qardaşlığımızın göstəricisi oldu.

2021-ci il 15 iyunda Şuşa şəhərində iki ölkə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan- Türkiyə əlaqələrinin zirvəsi sayıla bilər. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.

“Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.- bu sözlər cənab Prezidentimizin tarixi fikirləridir.

Cənab Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasında çıxışı zamanı bütün dünyaya Türkiyənin Azərbaycanı dəstəklədiyini, Ermənistanın dərhal Zəngəzur dəhlizinin açılması və digər məsələlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bəyan etdi. Eyni zamanda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da çıxışı zamanı Qarabağın qədim türk yurdu və Azərbaycan torpağı olduğunu, ölkəmizin haqlı mübarizəsini dəstəklədiklərini vurğuladı. AB-nin, xüsusilə Fransanın Türkiyə və Azərbaycana qarşı fəaliyyətinə heç nə ilə bəraət qazandırmaq olmaz. Bunun adı öz siyasi mənfəəti üçün beynəlxalq hüququ tapdalamaqdır. Dünən Kiprdə etdiklərini bu gün Qarabağda təkrarlamaq istəyirlər. Amma heç nəyə nail ola bilməyəcəklər. Kirli planlar quranlar və nəyəsə ümid edənlər gözlərini açıb kiminlə qarşı-qarşıya olduqlarına diqqətlə baxmalıdırlar. Türkiyə birmənalı şəkildə, sonadək Azərbaycanın yanındadır. Geriyə yol yoxdur, Bu iş bitəcək və bayrağımız mütləq Xankəndidə dalğalanacaq”. Belə də oldu.2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Türkiyənin dəstəyi ilə tam suverenliyini bərpa etdi.

Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda da bir daha bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Əhmədli Lalə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button