Azərbaycan türk dövlətləri ilə əlaqələrini gücləndirir

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə iqtisadi, ticari, mədəni və ədəbi əlaqələrin genişləndirilməsi türk dünyasının ümumi mənafeləri baxımından əhəmiyyətlidir. TDT liderlərinin Azərbaycana dövlət səfərləri dostluq və qardaşlığa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçıları işğaldan azad edilmiş torpaqlara səfər etdilər. Prezident Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəbin təməli qoyuldu. Səfər çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi də baş tutdu.
Qeyd olundu ki, qırğız xalqının, eləcə də türk dünyasının böyük oğlu, dünya şöhrətli yazıçının Azərbaycanda abidəsinin açılması onun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bunlar iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi və Azərbaycanın dünya ölkələri ilə mədəni əlaqələrə böyük diqqət yetirdiyinin sübutudur. Səfər çərçivəsində elm və təhsil, səhiyyə, energetika, sahibkarlıq, nəqliyyat, ticarət sahələrini əhatə edən ümumilikdə 18 sənəd imzalandı. Bu sazişlər iki ölkə arasında gələcək uğurlu inkişafdan xəbər verir.
Qırğızıstan Prezidentinin ölkəmizə səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sənədlər imzalandı. Hər iki dövlət bir-biri ilə həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu əlaqələrin təməlində tarixi bağlar dayanır. Azərbaycanla Qırğızıstanı ortaq dil, din və mədəniyyət, milli-mənəvi və əxlaqi dəyərlər birləşdirir. Qədim dövrlərdən iki xalq arasında mövcud olan tarixi əlaqələri günümüzdə daha da genişləndirmək prioritet məsələdir. Bu əlaqələrin inkişafı həm də türk dünyasının inkişafı deməkdir. Prezident İlham Əliyev andiçmə mərasimində də bu məqama toxundu. Ölkə başçısı qeyd etdi ki, biz özümüzü öz ailəmizdə tapmalıyıq, yəni bizim ailəmiz türk dünyasıdır. Düşünürəm ki, bütün türkdilli dövlətlər türk dünyasının birliyinə, güclənməsinə, vahid amal ətrafında birləşməsinə çalışmalıdır.
Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası da keçirildi. Adətən Azərbaycanın yaxın tərəfdaş olduğu əksər ölkələrlə arasında Hökumətlərarası Şura fəaliyyət göstərir. Qırğızıstanla Azərbaycan arasında Dövlətlərarası Şuranın fəaliyyət göstərməsi iki dövlətin strateji əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qırğızıstan ölkəmiz üçün mühüm strateji tərəfdaşdır.
Murad Zeynalov,
YAP-ın fəalı