Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur
Prezident İlham Əliyevin xalqa Novruz bayramı təbrikini Xankəndidən ünvanlaması, Zəfər meydanında tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Bu, beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.
Cənab Prezidentin Novruz bayramında Xankəndi şəhərinə səfəri mənəvi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə bu səfər, Azərbaycan xalqının 30 illik həsrətinin sonu, arzularımızın gerçəkləşdiyinin əyani sübutu idi. Cənab Prezidentin Xankəndidən xalqa müraciət etməsi ilə, hər bir azərbaycanlının bayram əhval-ruhiyyəsi daha da yüksəldi. Bununla da biz bütün dünyaya göstərmiş olduq ki, biz öz ərazi bütövlüyümüzü nəyin bahasına olur olsun, bərpa etməli idik və bunu etdik. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik.
Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərmizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir.
Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi