Analitika

Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır

Azərbaycanda növbədənkənar Prezident seçkiləri günü yaxınlaşdıqca dost ölkələr, konfederativ qurumlar, eləcə də beynəlxalq təşkilatların bizə olan münasibətlərində müxtəlif mövqelərin sərgiləndiyinin şahidi oluruq. Keçdiyimiz günlərdə yaşadığımız xoşagəlməz hadisələrdən biri də Avropa Şurası Parlament Assambleyasında Azərbaycana, xüsusilə də 2020-ci ildə müzəffər Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq beynəlxalq ədalətin, eləcə də Azərbaycanın suverenliyinin təmin olunması istiqamətindəki təkbaşına fəaliyyətinə qarşı qəbul olunmuş qərardır. Şübhəsiz ki, bu qərar riyakarlıq və ikili standartlığın dünya ictimaiyyətinə açıq nümayiş olunmasından başqa bir şey deyil. Bu qurumlardan biri də 1989-cu ildə yaradılmış, dünyada sülhü, demokratiyanı, davamlı inkişafı təşviq edən və bu günədək dünyanın ən böyük parlamentlərarası şəbəkəsi kimi fəaliyyət göstərən  Parlamentlərarası İttifaqdır. 01 fevral tarixində Pİ-nin Baş katibi Martin Çunqonqun Azərbaycana baş tutan səfəri, ölkəmizdə keçiriləcək dünyanın ən mötəbər tədbiri olan COP29-un hazırlıq mərhələsində Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparması, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etməsi gələcək qarşılıqlı əməkdaşlığın faydalılığını ortaya qoydu. Qəbul zamanı Martin Çunqo regionda sülhün əldə olunması istiqamətində də ölkə başçısı ilə söhbət apardı. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq və prinsipləri rəhbər tutaraq azad edib. Azərbaycanda separatizmin kökünün kəsilməsi üçün həm maliyyələşmə mənbələrinin aradan qaldırılmasına nail olunub, həm də mifə çevrilmiş dırnaqarası “erməni faşizmi ideologiyası” birdəfəlik məhv edilib. Bunlarla yanaşı olaraq, Azərbaycan multikultural dəyərlərə sadiqliyini nümayiş etdirərək Cənubi Qafqazda bütün xalqların sülh və təhlükəsizlik içində yaşamasını təmin etmək üçün beş prinsipə əsaslanan Böyük Sülh Sazişinin imzalanmasını ilk olaraq təklif edib. Bu tolerant və saf niyyətlərin qarşılığında, revanşist və separat qüvvələrin tör-töküntülərinin ötən il sentyabr ayının 9-da Qarabağda elan etdikləri qondarma “seçkilər” adı altında tamaşaya, habelə hərbi təxribatlara son qoymaq üçün 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvləri və hüquq-mühafizə orqanları birgə lokal xarakterli antiterror əməliyyatlarını həyata keçirdilər. Görüş əsnasında ölkə başçısı Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirərək, ölkəmizdə separatizm meyillərinin bundan sonra baş qaldırmayacağını, təhlükəsizliyin tam qorunması üçün niyyətini açıq şəkildə ortaya qoydu və qurulmaqda olan gələcəyin inkişafını məhz dayanıqlı sülhün əldə olunmasında gördüyünü qeyd etdi. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır, bundan sonra da qarşılıqlı hörmət və ədalətə əsaslanan münasibətlərin inkişaf etdirilməsində maraqlarını Azərbaycan xalqının iradəsində bir daha bəyan edir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button