Azərbaycan sülhə və sabitliyə sadiq, öz mövqeində prinsipal ölkədir
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Ölkə başçısı Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsi zamanı bir daha sülhün vacib olduğunu vurğuladı və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə, erməni icmasına və Ermənistandakı ermənilərə bir sıra vacib mesajlarını çatdırdı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.” Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni azlıqlarınada mesajını çatdıraraq qeyd etdi ki, “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk.”
Hazırda Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla bütün dünya İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı olduğunu qəbul edir. Bunlarla yanaşı, qalib ölkənin öz düşməninə sülh təklif etməsi də görünməmiş hadisədir. Lakin bütün bunların fonunda qarşı tərəfin Azərbaycanın bu humanist addımını qiymətləndirməməsi yalnız onun sülh tərəfdarı olmadığının, əmin-amanlığı, təhlükəsizliyi təhdid etdiyinin göstəricisidir.
Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Sülh müqaviləsi imzalanacaqsa bu yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.
Mətanət Cəfərova,
YAP-ın fəalı