
Cənab Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanatda Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ölkələr arasında siyasi təmaslar müntəzəm xarakter daşıyır və qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident qeyd edib ki, 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin müddəaları uğurla icra olunur və bu, hər iki tərəfin güclü siyasi iradəsinin göstəricisidir. Dövlət başçısı görüş zamanı siyasi, iqtisadi, ticarət, energetika və hərbi-texniki əməkdaşlıq istiqamətlərində geniş fikir mübadiləsinin aparıldığını, nümayəndə heyətlərinin bu sahələr üzrə praktiki əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb. O, əlaqələrin yalnız dialoqla məhdudlaşmadığını, konkret layihələr və real nəticələrlə müşayiət olunduğunu bildirib.
Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək, Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib. O, bu layihənin regionun yenidən qurulmasına mühüm töhfə verdiyini qeyd edərək Slovakiya tərəfinə təşəkkürünü ifadə edib.
Bəyanatda həmçinin Prezident Peter Pelleqrinin Qarabağa səfərinin və səfər proqramına Şuşa ilə yanaşı Ağdamın da daxil edilməsinin iki ölkə arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin göstəricisi olduğu vurğulanıb.
Prezident İlham Əliyev bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Slovakiyanın konkret nəticələrə əsaslanan əməkdaşlığa üstünlük verdiyini bildirib.
Sonda dövlət başçısı Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə səfər etmədiyini xatırladaraq, onun əvvəlki vəzifələrində də Azərbaycanda olduğunu, parlament sədri, Baş nazir və Prezident kimi müxtəlif vaxtlarda ölkəyə səfərlər etdiyini, o cümlədən COP29 çərçivəsində Azərbaycanda iştirak etdiyini qeyd edib. Bu davamlı təmasların iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



