
dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır. Xalqımızın zəngin hərb tarixinə söykənən Azərbaycan Ordusu müstəqillik illərində böyük inkişaf yolu keçərək dünyanın ən güclü orduları sırasında özünəməxsus yer tutmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığı, müasir silahlanması, döyüş hazırlığı və güclü komandanlıq sistemi ilə regionun ən qüdrətli ordularından biri hesab edilir.
Azərbaycan milli ordusunun formalaşmasının əsası 1918-ci il iyunun 26-da qoyulmuşdur. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bu tarix sonradan Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunmağa başladı. Sovet işğalından sonra milli ordu fəaliyyətini dayandırsa da, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrin yenidən qurulmasına başlanıldı.
Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik və idarəetmədəki problemlər ordunun formalaşmasına mənfi təsir göstərirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda əsaslı dönüş baş verdi. Vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələr formalaşdırıldı, peşəkar zabit hazırlığı gücləndirildi və hərbi intizam bərpa olundu. Məhz həmin dövrdə Azərbaycan Ordusunun gələcək inkişaf strategiyası müəyyənləşdirildi.
2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə büdcəsi dəfələrlə artırıldı, ən müasir silah və texnika alındı, müdafiə sənayesi yaradıldı, hərbi təhsil sistemi təkmilləşdirildi və şəxsi heyətin sosial müdafiəsi gücləndirildi. Ordunun NATO standartlarına uyğunlaşdırılması, müasir idarəetmə və döyüş hazırlığı sisteminin tətbiqi istiqamətində mühüm addımlar atıldı. Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan Ordusunda müasir taktika və idarəetmə prinsipləri tətbiq olunmağa başladı.
Azərbaycan Ordusunun gücü 2020-ci ilin 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və üç yüzdən artıq yaşayış məntəqəsi işğaldan azad edildi. Müharibənin ən mühüm hadisəsi isə noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad olunması oldu. Şuşanın azad edilməsi Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi və Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu.
Vətən müharibəsində qazanılan Zəfər müasir hərbi strategiyanın, peşəkar şəxsi heyətin, yüksək vətənpərvərliyin və müasir texnologiyaların uğurlu vəhdətinin nəticəsi idi. Xüsusilə pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli silahların tətbiqi müasir müharibə tarixində yeni nümunə kimi qiymətləndirildi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları dünyanın aparıcı hərbi ekspertləri tərəfindən geniş şəkildə təhlil olunur.
2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Bununla da uzun illər davam edən separatizmə son qoyuldu və Azərbaycan Konstitusiyasının qüvvəsi bütün ölkə ərazisində bərpa edildi.
Azərbaycan Ordusunun bugünkü inkişafında Türkiyə ilə hərbi əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir, zabit hazırlığı, müdafiə sənayesi, hərbi təhsil və texnologiya sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Bəyannamədə qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz olduğu halda, tərəflər qarşılıqlı məsləhətləşmələr aparacaq və BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərəcəklər. Bu müddəa Azərbaycan və Türkiyənin təhlükəsizlik sahəsində strateji müttəfiqliyini hüquqi baxımdan daha da möhkəmləndirmişdir.
Şuşa Bəyannaməsi təkcə hərbi əməkdaşlığı deyil, həm də müdafiə sənayesi, birgə təlimlər, hərbi texnologiyaların inkişafı, regional təhlükəsizlik və siyasi koordinasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd “Bir millət, iki dövlət” prinsipinin hüquqi və strateji ifadəsi olmaqla Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək müttəfiqlik səviyyəsinə çatdırmışdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkənin təhlükəsizliyinin qarantı deyil, həm də regionda sülhün və sabitliyin mühüm təminatçılarından biridir. Ordunun maddi-texniki bazasının davamlı möhkəmləndirilməsi, peşəkar kadr hazırlığı, müasir silah sistemləri ilə təchizatı və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini daha da artırır.
Azərbaycan Ordusunun keçdiyi şərəfli yol göstərir ki, güclü dövlətin əsas dayaqlarından biri məhz güclü ordudur. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və sonrakı dövrdə ölkənin bütün ərazisində suverenliyin tam bərpası Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqın birliyini və dövlət rəhbərliyinin uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri xalqın qürur mənbəyi olaraq müstəqilliyimizin, dövlətçiliyimizin və ərazi bütövlüyümüzün keşiyində qətiyyətlə dayanır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



