
Məlum olduğu kimi, ötən gün Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclasında Azərbaycan ilə yanaşı Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdarı olan Azərbaycanın ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması respublikamız ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Dünyanın ən böyük regional təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dünyanın geosiyasi və geoiqtisadi balansına ciddi şəkildə təsir göstərmək gücündədirlər: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi iki qitənin – Avropa və Asiyanın 65 faizini, əhalisi isə dünya əhalisinin təqribən yarısını təşkil edir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir. Eyni zamanda, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir. Həmçinin, ŞƏT hətta müşahidəçi və dialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Bütün bu göstəricilər bir daha onu göstərir ki, ŞƏT qlobal miqyasda gedən proseslərə təsir etmək imkanlarına sahibdir”.
ŞƏT üzv ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın maraq dairəsindədir. Ticarət, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün imkanlar araşdırılır. Azərbaycan, ŞƏT-in nəqliyyat və logistika sahəsindəki təşəbbüslərinə fəal şəkildə dəstək verir. Xüsusilə, ölkənin tranzit potensialı və Bakı-Tbilisi-Kars dəmir yolu xətti kimi infrastruktur layihələri regional nəqliyyat əlaqələrinin inkişafına töhfə verir. ŞƏT çərçivəsində mədəni və humanitar sahələrdə əməkdaşlıq da vacibdir. Azərbaycan, mədəniyyət və təhsil sahəsində təşkil olunan tədbirlərdə iştirak edir və bu sahələrdə əlaqələrin gücləndirilməsinə çalışır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı, ölkənin regional və beynəlxalq arenada mövqeyini gücləndirir. Bu əməkdaşlıq, iqtisadi inkişaf, təhlükəsizlik və mədəni əlaqələrin gücləndirilməsi sahələrində mühüm imkanlar yaradır və Azərbaycanın strateji maraqlarına xidmət edir. ŞƏT-lə əlaqələrin dərinləşdirilməsi, Azərbaycanın regional və qlobal səviyyədə daha güclü və nüfuzlu bir oyunçu olmasına kömək edir.
Həsənova Səbinə,
YAP-ın fəalı