AnalitikaGündəm

Azərbaycan-ŞƏT əməkdaşlığı Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına təkan verir

“Məlum olduğu kimi, ötən gün Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclasında Azərbaycan ilə yanaşı Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdarı olan Azərbaycanın ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması respublikamız ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, dünyanın ən böyük regional təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dünyanın geosiyasi və geoiqtisadi balansına ciddi şəkildə təsir göstərmək gücündədirlər: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi iki qitənin – Avropa və Asiyanın 65 faizini, əhalisi isə dünya əhalisinin təqribən yarısını təşkil edir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir. Eyni zamanda, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir. Həmçinin, ŞƏT hətta müşahidəçi və dialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Bütün bu göstəricilər bir daha onu göstərir ki, ŞƏT qlobal miqyasda gedən proseslərə təsir etmək imkanlarına sahibdir”.

“Heç şübhəsiz ki, Azərbaycan-ŞƏT əməkdaşlığı Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına təkan verir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirir: “Sirr deyil ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Eyni zamanda, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Eləcə də Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan bu rəqəm 30 milyon tona qədər artırıla da bilər”.

Oxşar Xəbərlər

Back to top button