Analitika

Azərbaycan – Rusiya münasibətləri dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanan müvafiq protokol əsasında qurulub. Həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqaviləhüquqi bazasını təşkil edən əsas sənəd isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Məhz bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyulub. Onu da qeyd edək ki, ulu öndərin 1997-ci il iyul ayının 2-dən 4-dək Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında, inkişafında əhəmiyyətli tarixi hadisəyə çevrilib. Onu da deyək ki, 2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başlayıb. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilməyib, eyni zamanda, hər iki ölkənin milli maraqları, məsələn təhlükəsizlik, iqtisadi inkişaf məsələləri daha mühüm önəm daşıyıb. Sonrakı dövrdə də Azərbaycan və Rusiya arasında sıx dostluq münasibətləri qurulması üçün əhəmiyyətli siyasi baza formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib. Yüksək səviyyədə münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsinin bariz ifadəsi kimi son üç il ərzində həyata keçirilən qarşılıqlı səfərlərə də diqqət yetirmək istərdik. Belə ki, 2013-cü il avqust ayının 13-də Azərbaycana səfər edən Vladimir Putin azərbaycanlı həmkarı ilə siyasi problemləri və Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib. Səfərin yekunlarına əsasən, neft və qaz hasilatı sahəsində əməkdaşlıq və iki dövlətin sərhədində avtomobil körpüsünün inşası ilə bağlı sazişlər imzalanıb. 2014-cü il fevral ayının 6-8-də Azərbaycan Prezidenti İlham Əliyev XXII Soçi Qış Olimpiadasının açılışı mərasimində iştirak edib. Həmin il avqustun 8-10-da Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Səfər çərçivəsində iki dövlət başçısı bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər. 2014-cü il sentyabrın 29-30-da dövlətimizin başçısı Həştərxan şəhərində Xəzəryanı ölkələrin IV sammitində, 2015-ci il mayın 8-9-da isə Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak edib. 2015-ci il iyunun 12-13-də Rusiya Prezidenti Vladimir Putin Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib. Vladimir Putin, həmçinin ilk Avropa oyunlarının açılış mərasiminə qatılıb. 2016-cı il iyunun 20-də Prezident İlham Əliyev Sankt-Peterburqa səfər edib. Rusiya Prezidenti ilə görüş zamanı ikitərəfli münasibətlərdə cari vəziyyət, humanitar əməkdaşlıq və Qarabağ probleminin həlli yolları müzakirə mövzusu olub. 2016-cı il avqustun 8-də isə Rusiya Prezidenti Vladimir Putin respublikamıza işgüzar səfər edib. Səfər dövründə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. İyirmi beş il ərzində iki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button