Azərbaycan-Rumıniya tərəfdaşlığı Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır
“Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Cənubi Qafqazda qardaş Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır. Azərbaycanla Rumıniya arasında bərqərar olan yüksəksəviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycan-Rumıniya tərəfdaşlığı və birgə beynəlxalq layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə əvvəlki kimi yenə də fəal iştirak edir. Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb:
“Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək”.
Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan və Rumıniya əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsindədir və növbəti illərdə də strateji əməkdaşlığımız daha da genişlənəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək.