AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin tarixi köklərə, ortaq mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Dövlət başçısı bildirib ki, bu münasibətlər bütün sahələr üzrə dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan tərəfinə, xüsusilə Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə inşa olunan məscid qardaşlıq münasibətlərinin və mənəvi birliyin bariz nümunəsidir.

Bəyanatda iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin və enerji sahəsində tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan və Türkmənistan regional və beynəlxalq layihələrin həyata keçirilməsində mühüm tərəfdaşlardır. Xəzər hövzəsində və Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin strateji maraqlarına xidmət edir.

Prezident İlham Əliyev qeyd edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq artıq təkcə iki ölkə üçün deyil, daha geniş region üçün strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi, yükdaşımaların artırılması və yeni marşrutların inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Səfər çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə, iqtisadi, humanitar, nəqliyyat, enerji və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yeni imkanlar yaradacaq.

Azərbaycan və Türkmənistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər bundan sonra da uğurla inkişaf edərək regionda sabitliyə, əməkdaşlığa və rifaha mühüm töhfələr verəcək.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button