AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ikitərəfli münasibətlər

1997-ci il avqustun 21-də Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ilk dəfə olaraq diplomatik əlaqələr qurulur. Daha sonra müxtəlif vaxtlarda iki ölkə arasında bir çox sahələri əhatə edən layihələr həyata keçirilmiş, 50-dən çox sənəd imzalanmışdır.
2005-ci il dekabr ayının 13-də “Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu” yaradılmışdır. 2008-ci il oktyabrın 31-də həmin işçi qrupun adı dəyişdirilərək, “Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu” adlandırılır.
Prezident İlham Əliyevin göstərişi ilə 2022-ci ildə Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair qərar və memorandum imzalanır. Ölkə Başçısı cənab İlham Əliyev çıxışlarının birində “iki ölkə arasındakı münasibətlərin möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulduğunu” qeyd edir.
2023-cü ildə Prezident İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə serbiyalı həmkarı Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayır. Təbrikdə deyilir: “Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər”.
2026-cı il fevral ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına iki günlük rəsmi səfərə gedir. Belqrad şəhərinin Nikola Tesla Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülür. Cənab Prezident İlham Əliyevi Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayır.
Dövlət başçılarının təkbətək görüşü zamanı Azərbaycan-Serbiya arasında altı mühüm sənədin mübadiləsi həyata keçirilir. Görüşdən sonra Prezident İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış etdilər. Cənab Prezident İlham Əliyev çıxışı zamanı Serbiya xalqını milli bayramları münasibətilə də təbrik etdi.
İki günlük rəsmi səfər zamanı iki ölkə arasında mövcud olan münasibətlərin müxtəlif istiqamətlər üzrə genişləndiriləcəyinin bir daha şahidi olduq. Hər iki ölkə başçısı rəsmi görüş zamanı qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi barədə də fikir mübadiləsi apardılar.
Səfər zamanı ölkə başçıları nəqliyyat-logistika sahəsində əməkdaşlıq, regional bağlantıların inkişafı və beynəlxalq layihələrdə birgə iştirak məsələlərini də geniş şəkildə müzakirə etdilər. Bundan başqa humanitar və mədəni əlaqələrin inkişafı, eyni zamanda xalqlar arasında münasibətlərin genişləndirilməsi istiqamətində də əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi.
Bir müddət bundan əvvəl Azərbaycan Serbiyaya təbii qaz ixrac etməyə başlayıb və danışıqlar zamanı qərara gəlinib ki, ixracın həcmi artırılsın. Bununla bağlı Prezident İlham Əliyev çıxış edərək, qeyd edir ki, “İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç də bəyanatla çıxış edərək Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini qeyd etdi.
Geniştərkibli görüş zamanı iki ölkə başçısı kənd təsərrüfatı sahəsinə də toxunublar. Serbiya Prezidenti Vuçiç çıxışı zamanı Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsullarının çox ləziz olduğunu nəzərə çatdıraraq, qiymət məsələsinə də münasibətini bildirərək söyləyir ki: “Digər ixrac edilən məhsullarla müqayisədə, bu xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfərlə bağlı çıxış edərək qeyd etdi ki, “həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Rəsmi səfərin sonunda hər iki ölkə başçısı qeyd etdilər ki, Azərbaycan-Serbiya əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Pərvanə Talıbova,
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının müəllimi

Oxşar Xəbərlər

Back to top button