
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Gürcüstana dövlət səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatla çıxış etmişdir. Bu bəyanat yalnız iki ölkə arasında mövcud münasibətlərin vəziyyətini əks etdirməklə kifayətlənməmiş, həm də gələcək əməkdaşlıq istiqamətlərinin strateji konturlarını müəyyən etmişdir.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır. Bu iki xalq əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış, mədəni, iqtisadi və sosial sahələrdə sıx əlaqələr qurmuşdur. Müstəqillik əldə etdikdən sonra isə bu münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında münasibətlər qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri üzərində möhkəm təməl qurulmuş, Azərbaycan–Gürcüstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Ulu Öndərimizin qoyduğu möhkəm təməl bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iki ölkə arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və milli maraqların qorunması prinsiplərinə əsaslanır. Bu prinsiplər iki ölkə arasında etibarlı siyasi dialoqun formalaşmasına zəmin yaratmışdır.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəkləyir. Bu, xüsusilə regionda təhlükəsizlik və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında yüksək səviyyəli səfərlər və müntəzəm görüşlər siyasi əlaqələrin dinamik inkişafını təmin edir. Aprelin 6-da keçirilmiş görüş və birgə bəyanat da bu siyasi dialoqun davamlı xarakter daşıdığını bir daha nümayiş etdirdi. Bu, həm də region ölkələri üçün nümunəvi əməkdaşlıq modelidir.
Azərbaycan-Gürcüstan münasibətlərinin əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıqdır. Xəzər dənizinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit ölkə kimi rolu əvəzsizdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr bu əməkdaşlığın bariz nümunəsidir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda logistika imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında mühüm nəqliyyat körpüsü rolunu oynayır. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun əhəmiyyətini artırır.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Hər iki ölkə regional əməkdaşlıq formatlarının inkişafına töhfə verir, sülh və təhlükəsizlik təşəbbüslərini dəstəkləyir. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, regionda davamlı sülhün təmin olunması üçün ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlıq əsas şərtdir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri yalnız ikitərəfli çərçivədə deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır, qarşılıqlı investisiyalar genişlənir. Bununla yanaşı, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq münasibətləri bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Humanitar sahədə həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlayışı və etimadı gücləndirir ki, bu da siyasi və iqtisadi əməkdaşlığın davamlılığı üçün vacib amildir.
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və davamlı inkişaf edir. Bu münasibətlər yalnız iki ölkənin maraqlarına xidmət etmir, həm də Cənubi Qafqaz regionunun sabitliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi və yeni uğurlara imza atılacağı şübhəsizdir.
Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini



