
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tarixən dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu əlaqələr təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rol oynayır. Son illərdə bu münasibətlər daha da güclənmiş, birgə layihələr və siyasi koordinasiya ilə strateji müttəfiqliyə çevrilmişdir.
Azərbaycan-Gürcüstan münasibətləri əsrlərə dayanan dostluq və birgəyaşayış ənənələrinə əsaslanır. Hər iki xalqı ortaq coğrafi məkan, oxşar tarixi proseslər və mədəni yaxınlıq birləşdirir. SSRİ-nin dağılmasından sonra hər iki dövlət müstəqillik qazandı və 1992-ci ildən etibarən rəsmi diplomatik münasibətlər quruldu. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmiş, Azərbaycan da öz növbəsində, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəkləyir, ölkənin regional sabitlik və inkişaf proseslərindəki rolunu yüksək qiymətləndirir.
Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq son 30 ildə ardıcıl şəkildə genişlənmiş, siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələri əhatə etmişdir. İkitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq həm regional, həm də beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
İki ölkə arasında münasibətlərin ən mühüm komponentlərindən biri enerji və nəqliyyat sahələrində əməkdaşlıqdır. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihələri bu əməkdaşlığın real nəticələridir. Bu layihələr regionda enerji təhlükəsizliyinin təmin olunmasına, Avropaya alternativ enerji və nəqliyyat marşrutlarının formalaşmasına xidmət edir. Azərbaycan qazı və nefti Gürcüstan ərazisi vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bu həm Gürcüstanın tranzit ölkə kimi rolunu gücləndirir, həm də regional əməkdaşlıq və qarşılıqlı iqtisadi asılılığı dərinləşdirir. Azərbaycan Gürcüstanın əsas investorlarından biri olmaqla yanaşı, həm də strateji ticarət tərəfdaşıdır. İki ölkə arasında humanitar sahədə də sıx əməkdaşlıq mövcuddur. Mədəniyyət günləri, tələbə mübadilə proqramları, elmi və təhsil layihələri xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət edir. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması bu dostluğun real təzahürüdür. Hər iki ölkə multikulturalizm prinsiplərinə sadiq qalaraq etnik azlıqlara hörmətlə yanaşır və onların hüquqlarını təmin edir.
Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi dialoq davamlı olaraq inkişaf edir. Dövlət başçıları arasında müntəzəm görüşlər və məsləhətləşmələr, parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu əməkdaşlığın əsas dayaqlarındandır.
2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə oldu. Prezident İlham Əliyevlə keçirilən görüşdə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olundu.
Liderlər arasında keçirilən mətbuat konfransında verilən birgə bəyanatda qeyd edildi ki, Azərbaycan və Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlardır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlıq və sabitliyin əsas sütunlarından birini təşkil edir. Hər iki ölkə beynəlxalq layihələrdə və platformalarda birgə iştirak etməklə yanaşı, regionda geosiyasi balansın saxlanmasında mühüm rol oynayır. Onların birgə təşəbbüsləri və ardıcıl əməkdaşlığı Avropa İttifaqı, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı da asanlaşdırır.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər təkcə ikitərəfli əməkdaşlıq modeli deyil, həm də regionda sülh və sabitlik üçün nümunəvi tərəfdaşlıq modelidir. Prezident Mixeil Kavelaşvilinin 2025-ci il aprelin 16-da Azərbaycana səfəri və birgə bəyanat bu münasibətlərin gələcək perspektivlərinin aydın və ümidverici olduğunu göstərdi. Strateji maraqların üst-üstə düşməsi, ortaq tarix və mədəniyyət, həmçinin birgə layihələrin uğurla həyata keçirilməsi Azərbaycan-Gürcüstan münasibətlərini daha da gücləndirəcək və regionun inkişafına mühüm töhfə verəcək.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri