
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında münasibətlər uzunmüddətli və çoxşaxəli əməkdaşlıq tarixçəsinə əsaslanır. İki ölkə arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji sahəsində əməkdaşlıq, mədəni və humanitar əlaqələr ardıcıl olaraq inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət çərçivəsində Almaniya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin fevral ayında qurulmuşdur. O vaxtdan etibarən münasibətlər davamlı şəkildə inkişaf etmiş, tərəflər arasında qarşılıqlı səfərlər, razılaşmalar və əməkdaşlıq mexanizmləri həyata keçirilmişdir. Almaniya Azərbaycan üçün Avropa İttifaqında önəmli tərəfdaşlardan biri olmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatına mühüm sərmayələr yatıran ölkələr sırasındadır.
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb oldu. Bu səfər Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyevlə keçirilən görüşdə əməkdaşlığın strateji perspektivləri müzakirə edilmiş, enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçid, ticarət əlaqələri və regional sabitlik məsələləri gündəmdə olmuşdur. Azərbaycan Prezidenti çıxışında bildirib ki, ölkəmiz Almaniya ilə tərəfdaşlığı yüksək qiymətləndirir və bu əlaqələrin bütün istiqamətlər üzrə dərinləşməsində maraqlıdır.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forum ölkələr arasında iqtisadi dialoqun daha da dərinləşməsinə, Almaniya və Azərbaycan şirkətləri arasında yeni əməkdaşlıqlara zəmin yaradacaqdır. Prezident Ştaynmayer çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurları təqdir etdi və Almaniyanın “yaşıl enerji” layihələrində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Almaniya isə “yaşıl enerji”yə keçid strategiyasını reallaşdırmaqda maraqlıdır. Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolu və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində atdığı addımlar Almaniya tərəfindən yüksək qiymətləndirilir. Prezident Ştaynmayerin səfəri zamanı bu sahədə birgə layihələrin həyata keçirilməsi də müzakirə olundu.
Azərbaycan–Almaniya əlaqələri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və elmi mübadilələr də bu münasibətlərin vacib tərkib hissəsidir. Azərbaycanda alman mədəniyyətinə böyük maraq göstərilir, eyni zamanda Almaniyada Azərbaycan diasporası fəal şəkildə ölkəmizi təbliğ edir. Bakıda yerləşən Alman-Azərbaycan Ticarət Palatası və Goethe Mərkəzi bu sahədə körpü rolunu oynayır.
Prezident Ştaynmayerin səfəri zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi də gündəmə gəldi. Almaniya Prezidenti Azərbaycanın multikulturalizm siyasətini və müxtəlif mədəniyyətlərə göstərdiyi hörməti yüksək qiymətləndirdi. İkitərəfli görüşlərdə regional sabitlik və təhlükəsizlik məsələləri də müzakirə edildi. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və regionda sülhün və əməkdaşlığın təşviqi istiqamətində gördüyü işləri diqqətə çatdırdı. Almaniya Prezidenti Azərbaycanın regionda oynadığı konstruktiv rolu dəstəklədiyini bildirdi.
Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana baş tutan səfəri iki ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan–Almaniya əlaqələri dərin köklərə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi və yeni sahələri əhatə edəcəyi şübhəsizdir.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri