AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Berlində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Almaniya artıq ənənəvi siyasi və iqtisadi əməkdaşlıq çərçivəsini genişləndirərək strateji dialoq mərhələsinə keçid edir. İmzalanmış Birgə Bəyannamə də məhz bu yeni mərhələnin hüquqi və siyasi əsasını formalaşdırır.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri strateji dialoqun başlanması oldu. Dövlət başçısı vurğuladı ki, uzun müddətdir arzulanan bu mərhələyə artıq nail olunub və imzalanmış sənədlər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Bu, Azərbaycan ilə Almaniya arasında münasibətlərin sadəcə iqtisadi əməkdaşlıqdan ibarət olmadığını, siyasi etimadın və qarşılıqlı maraqların daha yüksək səviyyəyə yüksəldiyini göstərir.
Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi həm siyasi, həm də iqtisadi baxımdan böyük nüfuza malikdir. Bu baxımdan Berlinlə münasibətlərin inkişafı Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, Almaniyanın Cənubi Qafqazda artan rolu bölgədə əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.
Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri xüsusi yer tutdu. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir və onlar sənaye, tikinti, xidmət, logistika, enerji və digər sahələrdə uğurlu layihələr həyata keçirirlər. Prezident İlham Əliyev bildirdi ki, bugünkü səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin daha da genişlənməsi gözlənilir. Qarşılıqlı sərmayələrin artırılması istiqamətində konkret təkliflərin irəli sürülməsi də iqtisadi münasibətlərin yeni dinamika qazanacağını göstərir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi iri logistika layihələri Almaniya biznesi üçün də cəlbedici imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Almaniyanın texnologiya və logistika sahəsindəki təcrübəsinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcəyi gözlənilir.
Enerji əməkdaşlığı Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri idi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan artıq bu ildən etibarən Almaniyaya təbii qaz ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı Avropa İttifaqına üzv olan 10 ölkəyə çatdırılır.
Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artdığını göstərir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrilməsi fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Təbii qazla yanaşı, Azərbaycan Almaniyaya neft də ixrac edir. Eyni zamanda, ölkəmizin gələcəkdə yaşıl enerjinin Avropaya ixracı istiqamətində həyata keçirdiyi layihələr də enerji əməkdaşlığını yeni mərhələyə çıxaracaq.
Azərbaycanın bərpa olunan enerji potensialı, Xəzər dənizində külək enerjisi imkanları və günəş enerjisi layihələri Avropanın yaşıl enerji strategiyası ilə üst-üstə düşür. Bu baxımdan Almaniya ilə əməkdaşlıq yalnız ənənəvi enerji sektorunu deyil, gələcəyin enerji sistemlərini də əhatə edir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit məsələlərinə də geniş yer ayırdı. Azərbaycan son illərdə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar həcmində investisiya yatırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər iri infrastruktur layihələri ölkəmizi Avrasiya məkanının əsas logistika mərkəzlərindən birinə çevirib.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkənin Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirib. Almaniya şirkətlərinin logistika və nəqliyyat sahəsində böyük təcrübəyə malik olması bu istiqamətdə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu göstərir.
Səfər zamanı imzalanmış sənədlərin həyata keçirilməsi üçün bir neçə işçi qrupunun yaradılması barədə razılıq əldə olunması isə qəbul edilən qərarların praktik nəticələr verməsinə hesablanıb.
Prezident İlham Əliyevin çıxışında regional sülh prosesi xüsusi yer tutdu. Dövlət başçısı Almaniya hökumətinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Prezident qeyd etdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması otuz ildən artıq davam edən münaqişəyə faktiki olaraq son qoyub. Bundan sonra Azərbaycanın dərhal praktik əməkdaşlığa başlaması regionda yeni siyasi reallığın formalaşdığını göstərir.
Diqqət çəkən məqamlardan biri Azərbaycanın Ermənistana enerji məhsullarının çatdırılmasına başlaması barədə verilən məlumat oldu. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan tərəfindən təchiz edilən benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bundan əlavə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzit yüklərin daşınmasının həcmi artıq 40 min tonu ötüb.
Bu faktlar göstərir ki, Azərbaycan postmünaqişə dövründə revanşizm deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər modelini irəli sürür. Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sülhün və regional inteqrasiyanın əsas şərtlərindən biri hesab olunur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixi nailiyyətlərini də xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan uzun illər işğal altında olan torpaqlarını öz gücü hesabına azad edib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan dörd qətnaməsini faktiki olaraq özü yerinə yetirib.
Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin davamı kimi təqdim olunur. Ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etməsi və bu istiqamətdə razılığın əldə olunması regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi hesab edilir.
Prezident İlham Əliyev çıxışının sonunda Avropa İttifaqı ilə münasibətlərə də toxundu. O bildirdi ki, bu il həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, həm də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri siyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndiyini göstərir. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu münasibətlərin inkişafında mühüm rol oynayacağına inam ifadə olunması da təsadüfi deyil. Enerji, nəqliyyat, yaşıl iqtisadiyyat, ticarət və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın genişlənməsi həm Azərbaycan, həm də Avropa üçün qarşılıqlı faydalı nəticələr vəd edir.
Berlində keçirilən yüksək səviyyəli görüşlər göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində yeni imkanların yaranması, eləcə də regional sülh prosesinə verilən dəstək iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin bəyanatında əksini tapan əsas mesaj ondan ibarətdir ki, Azərbaycan etibarlı tərəfdaş, məsuliyyətli regional aktor və Avropa ilə Asiyanı birləşdirən strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Almaniya ilə münasibətlərin yeni mərhələyə keçməsi isə həm ikitərəfli əlaqələrin inkişafına, həm də Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanın genişlənməsinə mühüm töhfə verəcək.

Daşqın Mikayılov ,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button