
Oktyabrın 12-də “H.Zərdabi küç. 96” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə tədbir iştirakçılarını salamlayaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil olunan bu görüşün böyük ictimai və ideoloji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. S.Babazadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin sosial-iqtisadi, eləcə də institusional inkişaf xəttini müəyyənləşdirən mühüm mərhələdir. Dövlət başçısı cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı səhiyyə sisteminin müasirləşdirilməsi, ictimai sağlığın qorunması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından mühüm tapşırıqlar ehtiva edir. O bildirib ki, İSİM kollektivi ölkədə tibbi islahatların uğurla reallaşdırılması və əhalinin sağlamlıq savadlılığının artırılması istiqamətində üzərinə düşən məsuliyyəti dərindən dərk edir. Mərkəzin əməkdaşları bundan sonra da dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq həm peşəkar fəaliyyətlərində, həm də YAP-ın ideoloji prinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirəcəklər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin konseptual tərəfləri, ölkəmizin postmüharibə dövründəki inkişaf strategiyası və partiya fəallarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkəmizin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və dövlətçilik ənənələrinin möhkəmlənməsinin əsas zəmanətçisinə çevrilmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal miqyasda söz sahibi olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətə çevrilmişdir. Bu tarixi Zəfər partiyamızın siyasi xəttinin təntənəsi və xalq-iqtidar birliyinin sarsılmazlıq rəmzidir.
B.Nəbiyev xüsusi olaraq qeyd edib ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər yerlərdə, xüsusən də elm və səhiyyə ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində çevikliyin və operativliyin artırılmasını tələb edir. Müasir dövrdə ideoloji işin əsas istiqamətlərindən biri insan kapitalının inkişafı, cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi analitik və konseptual qurumda fəaliyyət göstərən ərazi partiya təşkilatının üzərinə böyük məsuliyyət düşür. İctimai sağlığın qorunması, elmi-analitik təhlillərin aparılması və səhiyyə sahəsindəki islahatların cəmiyyətə düzgün çatdırılması eyni zamanda ideoloji işin bir hissəsidir. YAP Yasamal rayon təşkilatı cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin təbliği, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və rayonun sosial-siyasi həyatında fəallığın daha da yüksəldilməsi istiqamətində ərazi partiya təşkilatları ilə sıx əməkdaşlığı davam etdirəcəkdir.
Çıxış edənlər “H.Zərdabi küç. 96” ünvanı üzrə (İSİM) ərazi partiya təşkilatının sədr müavini Nərmin Azadova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Gülnarə Cəfərova ərazi partiya təşkilatının fəaliyyət istiqamətləri, təşkilatda həyata keçirilən ideoloji-maarifləndirici tədbirlər və gənclərin partiya həyatına cəlb olunması barədə məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində həyata keçirilən islahatlar, əhalinin sağlamlığının etibarlı qorunması istiqamətində atılan addımlar hər bir tibb işçisini daha fədakar çalışmağa ruhlandırır. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıq və tövsiyələri öz gündəlik fəaliyyətlərində əsas rəhbər tutacaqlarını və partiya ideyalarının yayılmasında daha fəal iştirak edəcəklərini bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.















