
Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens imzalamışdır. Bu sənəd Azərbaycan – ABŞ münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirən, tərəfdaşlığın strateji səviyyəyə yüksəldiyini rəsmiləşdirən fundamental sənəd kimi tarixə düşmüşdür. Strateji Tərəfdaşlıq Xartiyası təhlükəsizlik, enerji, nəqliyyat, texnologiya, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq üçün yeni perspektivlər açır və tərəflərin uzunmüddətli əməkdaşlıq niyyətlərini təsdiq edir.
Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Prezident İlham Əliyev və Vitse-prezident Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış etmişlər. Prezident İlham Əliyev öz bəyanatında Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamağın böyük şərəf olduğunu qeyd edərək Tramp – Vens administrasiyasının Azərbaycana çox müsbət münasibətinə görə minnətdarlığını ifadə etmiş, ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən məhsuldar danışıqlar aparıldığını, Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində aparılan gərgin işin nəticəsi olduğunu bildirmişdir. Prezident İlham Əliyev Vaşinqtonda Prezident Trampla keçirilən tarixi görüşü və Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılmasını xatırladaraq bu prosesin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd etmişdir. Prezident İlham Əliyev dünyanın ən qüdrətli ölkəsi olan ABŞ ilə strateji tərəfdaş olmağın Azərbaycan üçün böyük şərəf olduğunu vurğulamış, ABŞ Prezidentinə və Vitse-prezidentə Qafqazda sülhə verdikləri töhfəyə görə təşəkkür etmişdir. Dövlətimizin başçısı ötən ilin avqustunda Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığını, Sülh haqqında Birgə Bəyannamənin imzalandığını və artıq altı aydır ki, regionda sülh şəraitində yaşandığını qeyd etmişdir. Prezident İlham Əliyev Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, neft məhsullarının təchizatına başlanıldığını və bunun ticarət və əməkdaşlığın başlanğıcı olduğunu vurğulamışdır. Dövlətimizin başçısı Tramp administrasiyasının regiondakı səylərinin mühüm nəticələrindən biri kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin Azərbaycanın iki hissəsini birləşdirəcəyini, eyni zamanda, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi yaradacağını, bu layihənin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirmiş, həmçinin təhlükəsizlik və antiterror sahəsində əməkdaşlığın davam etdiriləcəyini, Azərbaycanın öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini, onların 11-nin NATO üzvü və ABŞ müttəfiqi olduğunu qeyd etmişdir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan PartiyasıŞəki rayon təşkilatının sədri



