Analitika

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində böyük qlobal təşəbbüslər irəli sürüb

Azərbaycan 2011-ci ildə QH-na tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunubdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu QH-na üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. QH-na sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıbdır. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Azərbaycan QH-nin sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada QH-nin 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı Azərbaycan, QH sədri kimi mübarizə aparıbdır. Azərbaycan QH adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.

Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıbdır ki, bunun 5 milyonu zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldilib. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilibdir. Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. QH üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi QH sənədlərində dəstəklənibdir.

Vətən Müharibəsi dövründə QH üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyini hiss etdik. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-nin və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button