Analitika

Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir

“Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan, dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Bu səbəbdəndir ki, Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir, hətta strateji tərəfdaşlıq səviyyəsinə belə çatıb. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulub və bütövlükdə siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb. Heç şübhəsiz ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər bu əlaqələri daha da gücləndirəcək”.

“Azərbaycanın mövcud iqtisadi imkanları, nəqliyyat və liman infrastrukturu, eyni zamanda, müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında təcrübəsi olan şirkətlər Qırğızıstanın inkişafı, Azərbaycanın sərmayə yatırması üçün əlavə şərait yaradır”, – deyən YAP Nizami rayon təşkilatının sədri əlavə edib ki, bu gün iki ölkənin bütün sahələr üzrə səmərəli əməkdaşlığı üçün bütün şərtlər və imkanlar var: “İnvestisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması, Azərbaycanın “Azersky” və “Azerspace-1” adlı peyklərinin Qırğızıstan üçün də xidmətlər göstərməsi iki ölkə arasındakı effektiv əməkdaşlığın konkret nümunələridir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi də ümumi inkişafa mühüm töhfələr verəcək. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratması, Orta Dəhlizin bir hissəsi olacaq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər artırması, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması münasibətlərin daha da dərinləşməsinə, inkişafına əlavə təkan verəcək. Eləcə də hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində də maraqlıdır”.

Oxşar Xəbərlər

Back to top button